MALİYYƏ HESABATLARININ KEYFİYYƏT XÜSUSİYYƏTLƏRİ


Keyfiyyət xüsusiyyətləri maliyyə hesabatlarında təqdim olunan informasiyanı istifadəçilər üçün daha yararlı edən aşağıdakı əsas amillərdən ibarətdir.

Münasiblik

Keçmiş, indiki və gələcək hadisələri qiymətləndirməklə istifadəçilərin iqtisadi qərarlar qəbul etmələrinə təsir edən informasiya münasib hesab olunur. İnformasiyanın münasibliyi onun mahiyyəti və əhəmiyyətliliyindən asılıdır. Bəzi hallarda informasiyanın mahiyyəti onun münasib olması üçün kifayətdir. Digər hallarda isə informasiyanın mahiyyəti və əhəmiyyətliliyi birgə nəzərə alınmalıdır.

Əhəmiyyətlilik

Maliyyə hesabatlarını təqdim edənlər tərəfindən nəzərə alınmaması və ya təhrif olunması səbəbindən istifadəçilərin bu hesabatlar əsasında iqtisadi qərarların qəbul edilməsinə təsir edə bilən informasiya əhəmiyyətli hesab olunur. Əhəmiyyətlilik konkret şəraitlərdə maliyyə hesabatlarında diqqətsizlikdən göstərilməmiş məlumatın və ya yol verilmiş səhvin həcminin dəyərindən asılıdır. Belə ki, əhəmiyyətlilik informasiyanın keyfiyyət xüsusiyyətləri ilə deyil, bu informasiyanın münasibliyini müəyyən edən kəmiyyətlər ilə ölçülür.

Etibarlılıq

Tərkibində əhəmiyyətli səhvlər və qabaqcadan əmələ gəlmiş yanlış (qərəzli) fikirlər mövcud olmayan informasiya etibarlı hesab olunur. İstifadəçilər bu informasiyanın etibarlı olduğuna inandıqda, ona arxalana bilərlər. Etibarlı informasiya neytrallıq, ehtiyatlılıq, düzgün təqdimat və tamlıq kimi keyfiyyətlərə malik olmalıdır.

Düzgün təqdimat

Müəssisənin maliyyə hesabatlarında informasiyanın düzgün təqdimatı onun maliyyə vəziyyətini və fəaliyyətinin maliyyə nəticələrini qərəzsiz, təhrifsiz, manipulyasiyasız və ya əhəmiyyətli faktları gizlətmədən, mahiyyətin formadan üstünlüyü konsepsiyası əsasında, mümkün qədər obyektiv əks etdirməsini nəzərdə tutur. Bu o deməkdir ki, Konseptual Əsasların və ya müvafiq Milli Mühasibat Uçotu Standartının tanınma meyarlarına uyğun gələn və hesabat tarixinə və ya hesabat dövründə mövcud olan aktivlərə, öhdəliklərə, kapitala, gəlirlərə və xərclərə təsir göstərmiş bütün təsərrüfat əməliyyatları və digər hadisələr maliyyə hesabatlarında düzgün əks etdirilməlidir.

Mahiyyətin formadan üstünlüyü

Maliyyə hesabatlarında əks etdirilən əməliyyatların və digər hadisələrin düzgün olması üçün həmin əməliyyatlar və hadisələr onların iqtisadi mahiyyətinin
hüquqi formasından üstünlüyü prinsipi əsasında təqdim olunmalıdır.

Neytrallıq

Maliyyə hesabatlarında təqdim olunan informasiyanın etibarlı olması üçün məlumatlar neytral, yəni, qərəzsiz olmalıdır. Maliyyə hesabatlarını hazırlayanlar tərəfindən təqdim olunan informasiya, onların öncədən müəyyən olunmuş nəticənin əldə edilməsi üçün istifadəçinin qərarına təsir etdikdə, maliyyə hesabatları neytral hesab oluna bilməz.

Ehtiyatlılıq

Ehtiyatlılıq – qeyri-müəyyən şəraitdə qiymətləndirmə zamanı aktiv və ya gəlirlərin artırılmamasının, öhdəlik və xərclərin azaldılmamasının təmin olunması məqsədilə diqqətli yanaşmanın tətbiqidir. Əksər hallarda bu o deməkdir ki, qeyri-müəyyən şəraitdə aktiv və gəlirin mümkün dəyərlərindən ən aşağı, öhdəlik və xərcin isə ən yüksək qiyməti istifadə edilməlidir. Lakin, ehtiyatlılıq prinsipinə riayət olunması gizli kapital ehtiyatlarının və həddən artıq həcmdə hesablanmış qiymətləndirilmiş öhdəliklərin yaradılmasını, habelə aktivlərin və gəlirlərin qəsdən azaldılmasını və ya öhdəliklərin və xərclərin qəsdən artırılmasını əsaslandırmır.

Tamlıq

Maliyyə hesabatlarında təqdim olunan informasiyanın etibarlı olması üçün bu informasiya, onun əhəmiyyətliliyi və ona çəkilən xərclər nəzərə alınmaqla, dolğun olmalıdır.

Müqayisəlilik

İstifadəçilər üçün maliyyə hesabatları arasında müvafiqliyi və fərqliliyi müəyyən etmək və qiymətləndirmək imkanını yaradan informasiya müqayisəli hesab olunur. İstifadəçilər tərəfindən müəssisənin müxtəlif dövrlərə aid olan maliyyə hesabatlarının və ayrı-ayrı müəssisələrin maliyyə hesabatlarının müqayisə edilə bilməsi onlar üçün müəssisələrin maliyyə vəziyyətindəki və fəaliyyətlərinin maliyyə nəticələrindəki meylləri müəyyən etmək imkanı yaradır.

Ardıcıllıq

Müqayisə olunan informasiyanın ən mühüm xüsusiyyətlərindən biri ardıcıllıqdır. Müqayisəlilik prinsipi maliyyə hesabatlarında əks olunan informasiyanın dövrdən dövrə ardıcıl olaraq tanınmasını, qiymətləndirilməsini və təqdim edilməsini tələb edir. İnformasiyanın ardıcıllığı müəssisə tərəfindən bütün dövrlər ərzində oxşar hadisələr üçün eyni uçot metodunun tətbiq edildiyini bildirir. Lakin, ardıcıllıq prinsipinin tətbiq edilməsi maliyyə hesabatlarının etibarlılığını, münasibliyini və anlaşılmasını təkmilləşdirmək üçün uçot siyasətində dəyişikliklərin edilməsinə maneə yaratmamalıdır.
İnformasiyanın müqayisəliliyi və ardıcıllığı maliyyə hesabatlarının hazırlanması zamanı istifadə olunmuş uçot siyasəti haqqında istifadəçilərin məlumatlandırılmasını təmin etməlidir. Tətbiq olunan uçot siyasətində hər hansı dəyişikliklər edildikdə, bu dəyişikliklər onların nəticələri ilə birlikdə aydın şəkildə açıqlanmalıdır.

Anlaşıqlılıq

Maliyyə hesabatlarında təqdim olunan informasiyanın mahiyyəti istifadəçilər tərəfindən anlaşılmalıdır. Eyni zamanda, istifadəçilər kommersiya fəaliyyəti və mühasibat uçotu haqqında zəruri biliklərə malik olmalı və informasiyanı kifayət qədər dərindən öyrənməyə hazır olmalıdırlar. Münasib informasiya, onun mürəkkəbliyinə görə istifadəçilər tərəfindən anlaşılmaması səbəbindən maliyyə hesabatlarından çıxarılmamalıdır.

Hörmətlə: Elçin Çobanov

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Finans, Maliyyə, Menecer, Menecment, Qanunvericilik. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s