Məhdud məsuliyyətli cəmiyyət


Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Cəmiyyət Mülki Məcəlləyə müvafiq olaraq yeni cəmiyyətin yaradılması və ya  Mülkü Məcəllədə müəyyən edilmiş qaydalar və məhdudiyyətlər nəzərə alınmaqla fəaliyyət göstərən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) yolu ilə yaradıla bilər. Cəmiyyətin yaradılması təsis yığıncağının keçirilməsini və müqavilənin bağlanmasını (Mülkü Məcəllənin 45.2-ci maddəsində nəzərdə tutulmuş halda) və ya cəmiyyətin yaradılması haqqında qərarın qəbul edilməsini (cəmiyyət bir şəxs tərəfindən yaradıldıqda), nizamnamə kapitalının ödənilməsini (cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa) və nizamnamənin hazırlanmasını əhatə edir. Cəmiyyətin yaradılması zamanı təsis yığıncağı cəmiyyətin nizamnamə kapitalı təsisçilər tərəfindən tamamilə formalaşdırıldıqdan sonra (cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa) keçirilir. Təsis yığıncağı bütün təsisçilər və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay var). Yetərsay olmadıqda yığıncaq təkrarən keçirilir. Yetərsay təkrarən keçirilən təsis yığıncağında da olmadıqda, cəmiyyətin yaradılması iclasda iştirak edən təsisçilər və ya onların nümayəndələri tərəfindən baş tutmamış hesab edilir və bu qərar bütün təsisçilərin nəzərinə yeddi gün müddətində çatdırılır.

Cəmiyyətin yaradılması zamanı keçirilən təsis yığıncağı:

  •  cəmiyyətin yaradılması zamanı nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyərini təsdiq edir;
  •  cəmiyyətin yaradılması barədə qərarı qəbul edir və onun nizamnaməsini təsdiq edir;
  • Mülkü Məcəllə və cəmiyyətin nizamnaməsi ilə nəzərdə tutulmuş cəmiyyətin idarəetmə orqanlarını təşkil edir;
  •  cəmiyyətin yaradılması və cəmiyyətin fəaliyyətinin başlanılması ilə əlaqədar Mülkü Məcəlləyə, digər qanunvericilik aktlarına və təsisçilər arasında bağlanılmış müqaviləyə zidd olmayan digər məsələləri həll edir.
  • Cəmiyyətin təsis yığıncağında cəmiyyətin təsis edilməsi, nizamnamənin təsdiq edilməsi, cəmiyyətin yaradılması zamanı nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyərinin təsdiq edilməsi, idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar təsisçilər tərəfindən yekdilliklə, digər məsələlər üzrə isə sadə səs çoxluğu ilə qəbul edilir.

Cəmiyyətin yaradılması ilə bağlı və onun dövlət qeydiyyatına alınmasına qədər yaranmış öhdəliklərinə görə cəmiyyətin təsisçiləri birgə məsuliyyət daşıyırlar. Məhdud məsuliyyətli cəmiyyətin firma adında cəmiyyətin adı, habelə “məhdud məsuliyyətli cəmiyyət” sözləri göstərilməlidir. Məhdud məsuliyyətli cəmiyyətin hüquqi vəziyyəti, habelə onun iştirakçılarının hüquq və vəzifələri bu Məcəllə ilə müəyyənləşdirilir.

Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə

Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradıla bilər. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və (və ya) təkbaşçı) yaradılır. Cəmiyyəti təkbaşçı idarəetmə orqanı onun iştirakçıları olmayanların sırasından da seçilə bilər.
Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbətinövbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək, şəxsən iştirak etmək və ya Mülkü Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Mülkü Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər.

Cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. Cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır.  Bir iştirakçıdan ibarət olan cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir.
Cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası Mülkü Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir.
Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir:

  • cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək;
  • cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək;
  • cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək;
  • cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək;
  • cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyasını (müfəttişini) seçmək.

Məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il əmlak mənafeləri ilə cəmiyyətə və ya onun iştirakçılarına bağlı olmayan peşəkar auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur.

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Qanunvericilik. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s