KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT


“KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT ÜZRƏ”
KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 2 №-li
MİLLİ MÜHASİBAT UÇOTU STANDARTI

ÜMUMİ MÜDDƏALAR

Standartın təyinatı

Bu standart «Mühasibat Uçotu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanmışdır və “Maliyyə hesabatlarının təqdimatı” adlı 1 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsaslanmışdır.

Maliyyə hesabatlarının təqdim edilməsi

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dövlət orqanlarına qanunvericilik aktları ilə, digər şəxslərə isə nizamnamələri ilə müəyyən olunmuş hallarda, qaydada və müddətlərdə təqdim edirlər.

Məqsəd

Bu standartın məqsədi müəssisələr tərəfindən kapitalda dəyişikliklərin tanınmasının, qiymətləndirilməsinin və təqdimatının ardıcıl və şəffaf qaydada təmin edilməsidir.

Standartın tətbiqi sahəsi

  1. Bu stаndаrt ictimai əhəmiyyətli qurumlarkiçik sahibkarlıq subyektləri istisna olmaqla, kommersiya təşkilatları tərəfindən Milli Mühasibat Uçotu Standartlаrınа uyğun olaraq illik maliyyə hesabatlarının tərkib hissəsi kimi tərtib edilmiş Kapitalda dəyişikliklər haqqında hesabata və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına tətbiq edilir. Standartda istifadə edilən terminlər səhmdar cəmiyyətlərə aid edilir, digər müəssisələr isə ekvivalent olan terminlərdən istifadə etməlidir.
  2. İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, kommersiya təşkilatları öz seçimləri əsasında maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq təqdim edə bilərlər.
  3. Bu standart, Uçot Qaydaları və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının Tətbiqi üzrə Şərhlər və Tövsiyələrdə öz əksini tapmış əlavə müddəalar nəzərə alınmaqla tətbiq olunmalıdır.
  4. Mühasibat uçotunu tənzimləyən qüvvədə olan normativ-hüquqi aktlar ilə bu Milli Mühasibat Uçotu Standartı arasında ziddiyyət yarandığı halda, Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı tətbiq edilir
  5. Digər müəssisənin alınması ilə birbaşa bağlı olan səhmlərin buraxılması üzrə məsrəflər bu standart ilə tənzimlənmir.
  6. Digər Milli Mühasibat Uçotu Standartlarında təqdim edilən kapitalın saxlanılması üzrə düzəlişlərin uçotu ilə bağlı məsələlər bu standart ilə tənzimlənmir.

ƏSAS ANLAYIŞLAR

Bu stаndаrtda istifadə еdilmiş əsas аnlayışlar аşаğıdakı mənaları ifadə еdir:

Каpital – bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin aktivlərinin dəyəridir.

Kapital aləti – bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin aktivlərindəki qalıq payını təsdiqləyən hər-hansı müqavilədir.

Müəssisənin nizamnamə kapitalı – qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq qeydiyyata alınmış təsis sənədlərində müəyyən edilmiş müəssisənin kapitalının miqdarıdır. Səhmdar cəmiyyətin nizamnamə kapitalı bütün təyin olunmuş səhmlərin müvafiq nominal dəyərlərinin cəminə bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən, müəssisənin nizamnamə kapitalı bu müəssisə qeydiyyata alınanadək tam buraxılmalı və ödənilməlidir.

Ödənilmiş nizamnamə kapitalı – müəssisənin nizamnamə kapitalının mülkiyyətçilər (səhmdarlar) tərəfindən ödənilmiş hissəsidir.

Emissiya gəliri – buraxılmış səhmlərə görə nominal dəyərindən artıq ödənilmiş məbləğdir.

Emissiya güzəşti – səhmlərin buraxılış qiymətinin nominal dəyərindən aşağı olduğu halda, bu məbləğlər arasındakı fərqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1077.2-ci bəndinin tələblərinə əsasən, səhmlərin nominal dəyərindən aşağı qiymətlə ilkin yerləşdirilməsinə yol verilmir.

Geri alınmış kapital (səhmlər) –sonrakı dövrlərdə yenidən buraxılması üçün və ya tam ləğv olunanadək müəssisə tərəfindən tutulub saxlanılan geri alınmış öz səhmləridir.

Ödənilmiş kapital – mülkiyyətçilərin (səhmdarların) öz səlahiyyətləri daxilində etdikləri köçürmələr nəticəsində kapitalda yaranan artımdır. Səhmdar cəmiyyətlər üçün ödənilmiş kapital ödənilmiş nizamnamə kapitalının və emissiya gəlirinin cəmindən geri alınmış kapital çıxıldıqdan sonra qalan məbləğdir.

Qazanılmış kapital – müəssisənin mövcud olduğu bütün dövrlər ərzində hesabat tarixinə yığılmış aşağıdakılar hesab olunur:

    • müvafiq Milli Mühasibat Uçotu Standartının müddəalarına uyğun olaraq, kapitalda birbaşa tanınan sair gəlirlərdən kapitalda birbaşa tanınan sair xərclər çıxıldıqdan sonra qalan məbləğ;
    • müəssisənin xalis mənfəətindən dividendlər və digər bölüşdürülmələr çıxıldıqdan sonra qalan məbləğ.

Kapital ehtiyatları – müəssisədə müəyyən məqsədləri üçün saxlanılan və mülkiyyətçilər (səhmdarlar) arasında bölüşdürülməsi mümkün olmayan qazanılmış kapitalın hissəsidir.

Bölüşdürülməmiş mənfəət – mülkiyyətçilər (səhmdarlar) arasında bölüşdürülməsi mümkün olan qazanılmış kapitalın hissəsidir.

Səhmlərin buraxılması üzrə məsrəflər – müəssisənin səhmlərinin və digər kapital alətlərinin buraxılması üçün birbaşa və xüsusi olaraq çəkdiyi məsrəfləridir.

Əhəmiyyətli səhv – bir və ya bir necə əvvəlki dövrlər üzrə maliyyə hesabatlarının öz təqdimat tarixlərinə artıq etibarlı hesab edilə bilməyəcəyinə səbəb olan cari dövrdə aşkar edilmiş səhvdir.

KAPİTALIN KOMPONENTLƏRİ

Kapitalın uçotu aşağıdakı əməliyyatları nəzərdə tutur:

  • müəssisənin yaradılmasını, səhmlərin buraxılmasını və ödənilməsini;
  • yeni səhmlərin buraxılması və ya buraxılmış səhmlərin geri alınması kimi müəssisə və səhmdarlar arasında hər hansı sonrakı əməliyyatları;
  • dividendlərin və onlara oxşar məbləğlərin ödənilməsini;
  • kapital ehtiyatlarının yaradılmasını və istifadə edilməsini;
  • hesabat dövrü ərzində tanınan, lakin Mənfəət və zərər haqqında hesabatda əks etdirilməyən, kapitalın saxlanmasına düzəlişlərin tanınmasını;
  • hesabat dövrünün xalis mənfəətinin bölüşdürülməmiş mənfəətə köçürülməsini.

Mühasibat balansında və Kapitalda dəyişikliklər haqqında hesabatda aşağıdakı komponentlər təqdim edilməlidir:

  • ödənilmiş nizamnamə kapitalı;
  • emissiya gəliri;
  • geri alınmış kapital (səhmlər);
  • kapital ehtiyatları;
  • bölüşdürülməmiş mənfəət

KAPİTALIN TANINMASI VƏ QİYMƏTLƏNDİRİLMƏSİ

Ödənilmiş nizamnamə kapitalı

Müəssisənin buraxılmış nizamnamə kapitalı bu müəssisə qeydiyyata alınanadək təsisçi tərəfindən tam ödənilməlidir. Müəssisənin yaradılmasından sonra yeni səhmlər buraxıldıqda, müəssisənin əlavə buraxılmış nizamnamə kapitalı müəyyən vaxt ərzində ödənilməmiş qala bilər. Bu zaman , kapitalın ödənilməmiş hissəsi ödənilməmiş nizamnamə kapitalı kimi qeydə alınmalıdır. Hesabat tarixinə ödənilmiş nizamnamə kapitalının məbləği hesablandıqda, ödənilməmiş nizamnamə kapitalının məbləği kapitalda uçota alınmış buraxılmış nizamnamə kapitalının məbləğindən çıxılmalıdır. Hesabat tarixinə yalnız ödənilmiş nizamnamə kapitalı Mühasibat balansında tanınır və Kapitalda dəyişikliklər haqqında hesabatda təqdim edilir, qalan ödənilməmiş nizamnamə kapitalı Kapitalda dəyişikliklər haqqında hesabatın qeydlərində ayrıca göstərilməlidir

Qeyri-pul aktivləri formasında mülkiyyətçilərin kapital qoyuluşları bu aktivlərin ədalətli dəyəri ilə qiymətləndirilir. Əgər bu aktivlərin ədalətli dəyəri səhmlərin nominal dəyərindən yüksəkdirsə, onda, bu iki dəyər arasındakı fərq emissiya gəliri kimi, əks halda (yalnız qanunvericiliklə qadağan olunmadığı hallarda) emissiya güzəşti kimi uçota alınmalıdır.

Ödənilmiş nizamnamə kapitalı müəssisə tərəfindən buraxılmış səhmlərin nominal dəyərinin azaldılması və ya onların geri alınması nəticəsində azala bilər.

Emissiya gəliri

Buraxılan səhmlər nominal dəyərindən artıq məbləğə satıldıqda, müəssisə emissiya gəliri əldə edir. Emissiya gəliri səhmlərin faktiki qiyməti ilə nominal dəyəri arasındakı fərq kimi hesablanır və müəssisənin kapitalının ayrıca hissəsi kimi uçota alınmalıdır.

Emissiya güzəşti

Qanunvericiliklə müəyyən edilmiş hallarda buraxılmış səhmlər nominal dəyərindən az məbləğə satıla bilər. Bu hal, səhmlərin emissiya güzəştilə buraxılması kimi qəbul edilir.

Bu emissiya güzəştinin məbləği aşağıdakı qaydada uçota alınmalıdır:

(a) bölüşdürülməmiş mənfəətdən ödənilmiş nizamnamə kapitalına köçürülməlidir;
(b) bölüşdürülməmiş mənfəətin qalığı kifayət qədər olmasa, ödənilməmiş qalan məbləğ hesabat dövrü üzrə ödənilməmiş zərər kimi tanınmalıdır və xüsusilə açıqlanmalıdır.

Bölüşdürülməmiş mənfəət

Cari və keçmiş hesabat dövrləri üzrə yığılmış bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) kapitalın komponenti kimi tanınmalıdır. Cari hesabat dövrünün bölüşdürülməmiş mənfəəti (ödənilməmiş zərəri) cari hesabat dövrü üzrə Mənfəət və zərər haqqında hesabat hazırlandıqdan sonra müəyyən edilir. Cari ilin bölüşdürülməmiş mənfəəti (ödənilməmiş zərəri) kapital ehtiyatlarına və kapital ehtiyatlarından köçürülmələr də nəzərə alınmaqla, hesabat dövründə xalis mənfəətdən hesablanmış dividendlər çıxılmaqla yekun məbləğdə qiymətləndirilir.

Yığılmış bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) bütün əvvəlki dövrlərin bölüşdürülməmiş mənfəətlərinin (ödənilməmiş zərərlərinin) cəmini əks etdirir. Bölüşdürülməmiş mənfəət mülkiyyətçilər (səhmdarlar) arasında bölüşdürülə bilər. Bu yığılmış mənfəət maliyyə hesabatında kapitalın ayrıca komponenti kimi təsnifləşdirilir.

Kapital ehtiyatları

Kapital ehtiyatları müəssisənin müəyyən məqsədləri üçün saxlanılan, o cümlədən kapitalda birbaşa tanınan sair gəlirlərdən kapitalda birbaşa tanınan sair xərclər çıxıldıqdan sonra istifadə edilməmiş məbləğini və xüsusi məqsədlər üçün nəzərdə tutulmuş yığılmış xalis mənfəəti özündə əks etdirən və mülkiyyətçilər (səhmdarlar) arasında bölüşdürülməsi mümkün olmayan qazanılmış kapitalının bir hissəsidir. Kapital ehtiyatları qanunvericilik tələblərinə, müəssisənin nizamnaməsinə və müəssisənin rəhbərliyinin qərarına uyğun olaraq, xalis mənfəətdən ayırmalar şəklində yaradılır. Xüsusi məqsədlər üçün yaradılan ehtiyatlar başqa təyinatlar üzrə istifadə edilə bilməz. Müəssisə ehtiyatların yaradılmasını tələb edən məqsədlərə nail olduqda və ya bu məqsədlər dəyişildikdə, həmin ehtiyatlar bölüşdürülməmiş mənfəətə əlavə edilməlidir.

Səhmlərin buraxılması üzrə məsrəflər

Müəssisənin səhmlərinin buraxılması üzrə məsrəflərdən müvafıq mənfəət vergisi çıxıldıqdan sonra qalan məbləğ kapitalın bırbaşa azalması kimi uçota alınmalıdır. Uğursuz elan olunmuş səhmlərin və digər kapital alətlərinin buraxılması ilə bağlı məsrəflər müvafiq dövrün xərcləri kimi tanınmalıdır.

GERI ALINMIŞ KAPITAL (SƏHMLƏR)

Səhmlərin geri alınması

Müəssisə geri alınmış səhmləri sonrakı dövrlərdə yenidən buraxmaq və ya tam ləğv etmək məqsədilə tutub saxlayarsa, bu səhmlər ödənilmiş nizamnamə kapitalı və emissiya gəlirinin cəminin azalması kimi göstərilir və ayrıca uçota alınırlar.

Geri alınmış kapital (səhmlər) onun geri alınması üçün ödənilmiş pul vəsaitləri və ya onların ekvivalentləri məbləğində qiymətləndirilir.

KAPİTALIN SAXLANILMASI ÜZRƏ DÜZƏLİŞLƏR

Kapitalın saxlanılması üzrə düzəlişlərin üç növü mövcuddur:

(a) yenidən qiymətləndirmə ilə bağlı gəlirlər və xərclər;
(b) əsas cəmiyyətin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması zamanı yaranan məzənnə fərqləri;
(c) əhəmiyyətli səhvlər və müəssisənin uçot siyasətinin dəyişdirilməsi ilə bağlı gəlirlər və xərclər.

Uzunmüddətli aktivlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan və kapitalın komponenti (yenidən qiymətləndirmə üzrə ehtiyatı) kimi tanınan gəlirlərin və xərclərin uçot qaydaları uzunmüddətli aktivlərin uçotu haqqında müvafiq Milli Mühasibat Uçotu Standartları ilə tənzimlənir.

Əsas cəmiyyətin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması zamanı yaranan məzənnə fərqləri (məzənnə fərqləri üzrə ehtiyatı) kimi tanınan məzənnə fərqlərinin uçot qaydaları müvafiq Milli Mühasibat Uçotu Standartı ilə tənzimlənir.

Əhəmiyyətli səhvlər və müəssisənin uçot siyasətinin dəyişdirilməsi ilə bağlı və müəssisənin bölüşdürülməmiş mənfəətinə düzəlişlər kimi tanınan gəlirlərin və xərclərin uçot qaydaları müvafiq Milli Mühasibat Uçotu Standartı ilə tənzimlənir.

TƏQDİM EDİLMƏ VƏ AÇIQLAMALAR

Müəssisə hesabat dövrü ərzində kapitalda dəyişikliklərin həcmi və səbəbləri haqqında informasiyanı əks etdirən Kapitalda dəyişikliklər haqqında hesabatı təqdim etməlidir.Kapitalın komponentləri, bu standartda göstərildiyi kimi, ayrıca maddələrlə maliyyə hesabatlarında təqdim edilməlidirlər. Mühasibat balansındakı və Kapitalda dəyişikliklər haqqında hesabatdakı kapital maddələrinin təsnifatı istifadəçiyə müəssisənin kapital ehtiyatlarının, kapitalın tərkibinin və quruluşunun, eləcə də, kapitalın ayrı-ayrı komponentlərinin bölüşdürülməsi üzrə məhdudiyyətlərinin qiymətləndirməsinə imkan verməlidir.

Hesabat dövrü ərzində müəssisənin kapitalında baş verən aşağıdakı dəyişikliklər haqqında məlumat Kapitalda dəyişikliklər haqqında hesabata daxil edilməlidir:

  1. hesabat dövründə xalis mənfəət və ya zərər;
  2. ayrı-ayrı maddələr üzrə və ümumi məbləğ şəklində kapitalda birbaşa uçota alınmış gəlirlər və xərclər;
  3. əsas cəmiyyətin və azlıq təşkil edən mülkiyyətçilərin payları ayrı-ayrı göstərilməklə, hesabat dövrü üzrə ümumi gəlirlər və xərclər ((1) və (2) bəndlərində əks olunmuş məbləğlərin cəmi);
  4. müvafiq Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq, keçmiş illərin bölüşdürülməmiş mənfəətinin ilin əvvəlinə olan qalıqlarına düzəlişlər kimi qeydə alınan uçot siyasətində dəyişikliklərin və əhəmiyyətli səhvlər üzrə düzəlişlərin ümumi məbləği;
  5. aşağıdakı məlumatlar Kapitalda dəyişikliklər haqqında hesabatda bilavasitə və ya ona aid qeydlərdə açıqlanmalıdır:
    • mülkiyyətçilər tərəfindən kapitala pay qoyuluşu və mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi üzrə əməliyyatlar;
    • hesabat dövrünün əvvəlinə və sonuna bölüşdürülməmiş mənfəətin qalıqları və hesabat dövrü ərzində bu maddə üzrə dəyişikliklər;
    • hesabat dövrünün əvvəlinə və sonuna ödənilmiş kapitalın hər bir tərkib hissəsinin (ayrılıqda səhmlərin sinifləri üzrə) və hər bir kapital ehtiyatının qalığının uyğunlaşdırılması və hesabat dövrü ərzində bu maddələrdəki dəyişikliklər.

Aşağıdakı məlumatlar, səhmlərin sinifləri üzrə ayrılması şərtilə, müəssisənin maliyyə hesabatlarına əlavə edilmiş qeydlərdə açıqlanmalıdır:

  1. hər səhmin nominal dəyəri və ya səhmlərin nominal dəyərlərinin olmadığı faktı;
  2. buraxılmış səhmlərin sayı;
  3. hesabat dövrünün əvvəlində və sonunda buraxılmış, ödənilmiş və ödənilməmiş səhmlərin sayının uyğunlaşdırılması;
  4. dividendlərin ödənilməsi və mülkiyyətçilərin iştirak paylarının geri alınması ilə bağlı məhdudiyyətlər də daxil olmaqla, müvafiq səhmlər sinfinə xas olan hüquqlar, imtiyazlar və məhdudiyyətlər;
  5. müəssisənin özünə, törəmə və asılı müəssisələrinə məxsus səhmlərin sayı;
  6. opsion və səhmlərin satışı üzrə müqavilələrin dəyəri və şərtləri göstərilməklə, həmin müqavilələrin yerinə yetirilməsi üçün saxlanılan səhmlərin sayı;
  7. səhmlərin gələcəkdə geri alınması üzrə razılaşdırılmış öhdəliklər haqqında məlumat;
  8. girov kimi üçüncü tərəflərə verilmiş səhmlər haqqında məlumat;
  9. müəssisənin hər bir kapital ehtiyatının mahiyyətinin və məqsədinin təsviri;
  10. hər bir səhm üzrə müvafiq dividendlərin məbləği daxil olmaqla, maliyyə hesabatının təqdim edilmə tarixi ilə hesabat dövrünün sonu arasındakı zamanda təklif və ya elan edilmiş, lakin maliyyə hesabatlarında əks etdirilməmiş dividendlərin məbləği;
  11. hər hansı yığılmış imtiyazlı dividendlərin tanınmayan məbləği.

Səhmdar cəmiyyət olmayan müəssisələr yuxarıda göstərilən maddələrə ekvivalent olan məlumatları açıqlamalıdır. Bu məlumatlar hesabat dövrü ərzində kapital paylarının hər bir kateqoriyasındakı dəyişiklikləri və həmin kateqoriyaya aid edilən hüquqları, imtiyazları və məhdudiyyətləri əks etdirməlidir.

STANDARTIN İLK DƏFƏ TƏTBİQ EDİLMƏSİ

Bu standartın ilk dəfə tətbiq edilməsi zamanı əvvəlki hesabat dövrləri haqqında müqayisəli informasiyasının hazırlanması tələb olunmur.

Əlavələr

About Elchin Chobanov

1988-ci ildə Bakıda doğulmuşam. 288 saylı orta məktəbi bitirmişəm(1994-2005). Bakalavr dərəcəmi Qafqaz universitetində İqtisadi və İdari Elimlər fakultəsində Menecmet(Bank işi üzrə) almışam(2005-2010). Magistr dərəcəmi Azərbaycan Dövlət İqtisad Universitetində MBA fakultəsində Marketinq üzrə almışam(2011-2013).
This entry was posted in Finans, Maliyyə, Mühasibatlıq, İdarəetmə. Bookmark the permalink.

One Response to KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT

  1. Aliya says:

    maraqlı paylaşımlar üçün təşəkkür edirəm

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s